XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
18 İyul, 2022
Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai- 535

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında XVI-XVII əsrlər, Səfəvilər dövrünə aid müxtəlif adda maddi mədəniyyət nümunələri mühafizə olunur.

Azərbaycan dövlətçilik tarixində böyük xidmətləri olan görkəmli şəxsiyyət, Səfəvilər dövlətinin banisi, sərkərdə və şair Şah İsmayıl Xətai 17 iyul 1487-ci il tarixində Ərdəbil şəhərində anadan olmuşdur. Atası Şeyx Heydər, anası isə Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşahbəyimdir. Şah İsmayıl 1499-cu ildə, hələ 12 yaşında ikən silahlı mübarizənin ön sırasında dayanaraq ətrafına topladığı döyüşçülər üçün ilham mənbəyi və döyüşkənlik meyarı olmuşdur. Şah İsmayılın sərkərdəliyi haqqında kifayət qədər  məlumatlara rast gəlmək mümkündür. “Əhsənüt təvarix” əsərinin müəllifi Həsən bəy Rumlu Şah İsmayılın rəhbərliyi ilə aparılmış beş döyüşü xüsusilə qeyd edirdi. Həmin döyüşlər bunlar idi: 1500-cü ildə Cəbani ətrafında Şirvanşah Fərrux Yasara qarşı aparılmış döyüş, 1501-ci ildə Şərurda Ağqoyunlu Əlvənd Mirzəyə qarşı aparılmış döyüş, 1503-cü ildə Almaqulağı adlanan məntəqədə Ağqoyunlu Sultan Murada qarşı aparılan döyüş, 1510-cu ildə Mərv ətrafında Şeybək xana qarşı apardığı döyüş və nəhayət 1514- cü ildə baş vermiş Çaldıran döyüşü. Döyüşün təfərrüatı, tarixi qaynaqlarla yanaşı bədii ədəbiyyatda da müəyyən izlər buraxmışdır. Bu müharibədən aldığı təəssüratı Məhəmməd Füzuli “Bəngü Badə” pоemasında dərin ürək ağrısı ilə qələmə almışdır. Füzuli bu pоemanı Şah İsmayıla ithaf etmiş, оnu səmimi, ürəkdən gələn misralarla alqışlamışdır. Müdrik və ağıllı bir dövlət başçısı оlmaqla bərabər,  Şah İsmayıl  milli ədəbiyyatın formalaşmasına, poeziya nümunələrinin ana dilində yaranmasına böyük dəstək olmuşdur. 500 ildən artıqdır ki, Xətainin əsərləri Azərbaycan, Türkiyə, İran, Özbəkistan və d.  ölkələrdə böyük bir maraqla oxunur. Şah İsmayıl maddi mədəniyyətin inkişafına da xüsusi diqqət yetirmişdir. XVI əsrin əvvəllərində Təbrizdə, öz sarayında yaratdığı kitabxana sənət mərkəzinə çevrilmişdi. Kitabxanaya şairlər, elm və mədəniyyət xadimləri ilə birlikdə rəssamlar da toplaşmışdılar. Kitabxananın nəzdində bədii emalatxana yaradılmış və burada Sultan Məhəmməd, Sadiq bəy Əfşar, Dust Məhəmməd kimi qüdrətli fırça ustaları fəaliyyət göstərmişlər. Onlar xalça və bədii parçaların çeşnilərini vermiş və bunların əsasında toxunmuş zərif xalçalar və parçalar geniş yayılmışdı.

Muzeyin Etnoqrafiya fondunda qorunan, Səfəvilər dövrünə aid Azərbaycan şəhərlərində istifadə edilən ziyafət qablarından biri də badələrdir. Bu kiçik tutumlu qablar süfrədə müxtəlif təyinata malik idi. Bu tip qablar XVI-XVII əsr maddi nümunələri olub, yüksək dekorativ xüsusiyyətləri ilə seçilir.

Həmçinin fondda həmin dövrə aid mis armudu stəkan qorunur (XVI-XVII əsrlər). Azərbaycan xalqının məişət, həmçinin süfrə mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan armudu stəkanlar dəyərli nümunə kimi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalqının etnik-mədəni təfəkküründə formalaşmış milli, etik dəyərlərə görə qonağa daim böyük ehtiram göstərilmişdir. Təsadüfi deyil ki, azərbaycanlılar evə gələn qonağa ləziz yeməklər hazırlayar və onu süfrəyə ən yaxşı qablarda, çayı isə ”armudu” adlanan xüsusi stəkanlarda təqdim edirlər. Bu stəkanlar estetik görünüşü ilə bərabər, həm də istilik saxlama qabiliyyətinə malik olub, çayın gec soyuması üçün əlverişli idi. Bununla yanaşı fondda Səfəvilər dövrünə aid divar bəzəyi, sini, süfrə və digər maddi mədəniyyət nümunələri də qorunub saxlanılır.