XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
20 İyul, 2022
Muzeyin Qarabağ incilərindən- qarasavat üsulu ilə hazırlanmış kəmər

Azərbaycan zərgərliyində ənənəvi zinət istehsalının döymə, çaxmaqəlib (qəlibkarlıq), qarasavat, minalama (minasazlıq), aynalama (pardaxlama), çaxma (xatəmkarlıq), şəbəkə (torlama, həddələmə) və s. zəngin texnoloji üsulları günümüzədək gəlib çatmışdır. Bu texniki üsulların hər birinin özünəməxsus tətbiq sahəsi və məmulat növü yaranmışdır. Qarasavat ən çox gümüşkarlıqda tətbiq olunurdu. Soyuq silahların (qılınc, xəncər, qəmə, behbud və s.) qını, yaxud dəstəyi, odlu silahların qundağının gümüş bəzəkləri çox vaxt qarasavat üsulu ilə işlənərək, estetik görünüş verilirdi. Sırğa, bilərzik, üzük, kəmər toqqası və s. zinət növlərinin hazırlanmasında da çox vaxt qarasavat üsulundan istifadə olunurdu.

Azərbaycanda gümüşkarlığın başlıca üstünlüyü “savat”ın həddindən artıq davamlı olması idi. Qarasavat kütləsinin tərkibi gümüş, qurğuşun, mis, kükürd, potaş (qələvi ağ maddə) və duzdan ibarətdir. Savatlama işinə başlamazdan əvvəl gümüş lövhə əvvəlcə döymə və ya qəlibkarlıq üsulu ilə işlənərək, məmulatın forma və ölçüsünə uyğun şəkildə biçilirdi. Sonra həmin ülgü üzərində cızma və qazıma yolu ilə naxış açılırdı. Zinətin ornament və rəsmlərinin fonunu təşkil edən həmin naxışlar “savat” kütləsi ilə doldurulurdu. Savat kütləsi iki üsulla: zərgərlikdə sıyıq xəmir yaxması, gümüşkarlıqda isə bilavasitə toz halında məmulatın üzərinə səpilməklə tətbiq olunurdu. Hazır məmulatın üzərinə savat vurulduqdan sonra o, vam yanan kürədə qızdırılırdı. Hərarət nəticəsində savat əriyib naxış və ya rəsmi əmələ gətirən oyuq və çökəkləri örtürdü. Daha sonra sürtmə yolu ilə zinət göydaş vasitəsilə dönə-dönə cilalanıb pardaqlanırdı.

Qarasavat texniki üsulu XVIII-XIX yüzilliklərdə inkişaf etmişdir. Təqdim olunan qarasavat üsulu ilə işlənmış kəmər Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qorunur. XIX-XX əsrə aid olan bu kəmər Qarabağda hazırlanıb, dəridəndir, üzərində on ədəd günəş formalı bəzək bəndlənib. Kəmərin toqqası dörd hissədən ibarətdir, üzərində bir iri, dörd kiçik qübbə vardır, naxışı nəbati və həndəsidir.