Ölkə ərazisində aşkar olunmuş arxeoloji materiallar təsdiqləyir ki, Azərbaycan ərazisində toxuculuq sənəti erkən dövrlərdən təşəkkül tapmışdır. Toxuculuq sənəti, o cümlədən xalçaçılıq xalq arasında ən yüksək dəyərə malik olan sənət sahələrindən biridir. Hər bir ailədə qız uşaqlarının xalça toxuma bacarığına yiyələnməsi əsas şərtlərdən biri sayılırdı. XIX əsrin sonlarında işıq üzü görmüş nəşrlərdə Şuşada toxunan xalça və palazların öz keyfiyyət və kəmiyyətinə görə Qafqazda birinci yer tutduğu qeyd edilirdi.
Təəsüflə qeyd etməliyik ki, Qarabağ xalçaları zaman-zaman çirkin siyasətlərin qurbanı olmuş, Qarabağ qrupuna aid olan bir sıra xalçaların adları dəyişdirilərək “erməni xalçası” kimi təqdim olunmuşdur. Bu xalçalar sırasına təqdim etdiyimiz “Malıbəyli” qrupuna aid olan xalça nümunəsi də daxildir. Şuşanın eyni adlı kəndinin adı ilə adlandırılmış “Malıbəyli” xalçaları vaxtilə ermənilər tərəfindən saxtakarlğa məruz qalaraq “Vişapatorq” adlandırılmışdır.
Muzeyin Etnoqrafiya fondunda mühafizə edilən, XIX əsrin II yarısına aid olan Malıbəyli xalçası zəngin bədii tərtibata malikdir. Xalça 2017-ci ildə Bakı əsilli İsrail vətəndaşı Rauf Salikoyeviç Zarbailov tərəfindən muzeyə hədiyyə edilmişdir.
Qeyd edək ki, muzey qaydalarına əsasən hər hansı bir əşya kolleksiyaya daxil edilərkən onun bədii və tarixi əhəmiyyəti əsas etalon kimi götürülür. Hədiyyə olunan sözügedən xalçanın ilkin forması yüksək bədii və tarixi dəyərə malik olsa da, hazırkı vəziyyəti onun muzey kolleksiyasına qəbul olunmasına imkan vermirdi. Belə ki, xalça çox istifadə olunduğu üçün xovu tamamilə yeyilmişdir. Lakin onun mənəvi dəyərinin misilsiz dərəcədə yüksək olması xalçanın kolleksiyaya daxil edilməsini şərtləndirdi. Dünyanı dolaşan xalça belə bir fikri simvollaşdırırdı: sanki vətəndən kənarda ömür sürən insanlar kimi yurd həsrəti çəkmiş, son nəfəsini yurdunda vermək üçün səbrlə gözləmiş və nəhayət, yurduna dönmüşdür. Digər tərəfdən isə vaxtilə Bakıdan öz istəyi ilə köçən bir sabiq vətəndaşımız Azərbaycana məhəbbətini, minnətdarlığını nümayiş etdirirdi.