XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
12 Sentyabr, 2022
Norveç vətəndaşından təhvil alınmış qədim bardaq

Muzeyin arxeoloji kolleksiyasında qorunan materiallar arasında təsadüfi tapıntılar da vardır. Onların arasında 3 noyabr 2005-ci ildə Norveç vətəndaşı, sənətşünas və rəssam Eli Qlader tərəfindən hədiyyə olaraq qəbul edilmiş bardaq tipli saxsı qab yer alır.

Təqdim olunan saxsı qabın tərkibi gildən olub, əldə səliqəli formalaşdırılıb. Gili yaxşı bişirilib və rəngi bozumtul qaradır. Hətta bir tərəfi tam qaradır. Gövdəsi xaşalvari, boğazı isə enli və hündürdür. Ağzı bir qədər xaricə doğru açılır. Qab gövdənin çiyin hissəsi ilə ağız kənarını birləşdirən qövsvari qulpa malikdir. Bardağın xarici səthinin ağız və boğaz nahiyəsi paralel cızma xətlərlə əhatələnib. Gövdənin çiyin hissəsinə isə yeddi yerdə şaquli vəziyyətdə cızma xətlərdən ibarət enli zolaqlar salınıb. Hər bir zolağın arasına isə dalğavari xətlər həkk edilib. Gövdənin qalan hissəsi sayadır. Oturacaq düzdür.

Bu qabın arxeoloji kolleksiyada oxşar nümunələri mövcuddur. Zahiri əlamətlərinə, daha dəqiq desək gövdə və oturacağın formasına, qulpun en kəsiyinə, səthin rənginə və naxışlanma texnikasına görə, bu qab Daşkəsən rayonu Çovdar və Xaçbulaq nekropolundan olan saxsı nümunələrə daha yaxındır.  Qabın dövrünə gəldikdə isə bu təsadüfi tapıntı Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid saxsı nümunələrlə oxşarlıq təşkil edir. Bundan əlavə həmin qabın ehtimal edilən coğrafi mənşəyi də Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin geniş yayıldığı areala daxildir. Aparılan araşdırmalara görə Çovdar və Xaçbulaq nekropolunun daş qutu qəbirləri avadanlığına əsasən e.ə. XII-XI əsrlərə aid ediliblər.   

Bu bardağın əşyavi mənbə kimi əhəmiyyətinə gəldikdə isə, bu bardaq aid olduğu dövrdə dulusçuluq sənətinin inkişaf səviyyəsi haqda bir çox dəyərli məlumatları özündə əks etdirir. Qabın əşyavi mənbə kimi əhəmiyyətini şərtləndirən digər amil isə, onun təyinatı ilə bağlıdır. Belə ki, bu tipli qablar maye tərkibli qidaları saxlamaq və daşımaq üçün nəzərdə tutulub.