Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi Tural Elxan oğlu Məmmədov 17 sentyabr 1990-cı il tarixində Qazax rayonunun Qızılhacılı kəndində anadan olub. 1992-ci ildə doğulduğu kənd erməni silahlı birləşmələri tərəfindən hücuma məruz qalır və kənd işğal olunur. Məcburi köçkün kimi, ailə üzvləri Qazax şəhəri 6 nömrəli uşaq baxçasında məskunlaşırlar. Turalın atası Elxan Məmmədov müharibənin başladığı ilk gündən könüllü müdafiə dəstələrində iştirak edib.
Tural Məmmədov 1997-2008-ci illərdə Qazax şəhəri S.Vurğun adına 2 nömrəli məktəbdə təhsil alıb. 2008-2010-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətdə tuşlayıcı, daha sonra isə kəşfiyatçı-sanitar vəzifəsində xidmət edib.
Tural Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Tural Məmmədov 28 sentyabr Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Tural Məmmədovun uzun müddətdən sonra nəşi tapılaraq, 11 dekabr 2020-ci il tarixində Qazax rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda qorunan, şəhid Tural Məmədova məxsus əşyaları (kitel, saçqırxan maşın və bir ədəd fotoşəkil) təqdim edirik.