XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
27 Oktyabr, 2022
Professor Qurban Cəlilovun materialları muzeydə qorunur

Milli Azərbaycan Tarixi Muzeyinin fondları daim elm adamlarının materialları ilə zənginləşir. Yeni daxil olan materiallar arasında texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Qurban Cəlilovun kolleksiyası diqqəti cəlb edir.

Q.Cəlilov 1927-ci il 27 oktyabr tarixində Şəki rayonunun Qışlaq kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) riyaziyyat ixtisası üzrə bitirərək, Azərbaycan Elmlər Akademiyası (AEA) Fizika və Riyaziyyat İnstitutunda aspiranturaya daxil olmuş və Moskva şəhərinə ezam edilmişdir. Moskvada yeraltı hidrodinamika sahəsində tanınmış alim V.N.Şelkaçovun rəhbərliyi altında  “Neft konturunun hərəkəti və quyunun sulaşması ilə əlaqədar bəzi məsələlərin hidrodinamik tədqiqi” mövzusunda dissertasiya yazaraq, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) ixtisaslaşdırılmış Şurasında müdafiə etmişdir. 1963-cü ildə isə «Neftdaşıma (neftlilik) konturunun yerdəyişməsi, quyuların sulaşması və süzülmənin fəza məsələləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Q.Cəlilov 1966-cı ildə professor elmi adına layiq görülmüş, 1972-ci ildə “Neft, qaz və qazkondensat yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə AEA-nın müxbir üzvü, 1989-cu ildə isə «Neft və qaz yataqlarının işlənməsi» ixtisası üzrə həqiqi üzvü seçilmişdir. 1954-cü ildən Azərbaycan EA-nın müxtəlif qurumlarında fəaliyyət göstərmiş Q.Cəlilov, 1961-ci ildən Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. Habelə bir müddət EA-nın Yer haqqında Elmlər Bölməsinin akademik-katibinin müavini olmuşdur. Nüfuzlu alim Beynəlxalq Neftçi-Mühəndislər Cəmiyyətinin üzvü, Azərbaycan Sovet Ensiklopediyasının Texnika Elmləri Redaksiyası üzrə elmi məsləhətçisi olmuşdur.

Muzeyin Sənədli Mənbələr fonduna daxil olan materiallar arasında Qurban Cəlilovun elmi fəaliyyətini və araşdırmalarının nəticələrini əks etdirən bir sıra sənədlər yer alır. Nümunələr arasında “Xalqlar dostluğu” ordeni ilə təltif edilən azərbaycanlı alimə SSRİ EA- nın prezidenti Anatoli Aleksandrovun və Rəyasət Heyətinin baş elmi katibi Georgi Skryabinin göndərmiş təbriknaməsini qeyd etmək olar. Digər maraqlı sənədlər sırasında “Mürəkkəb dağlıq geoloji şəraitində çoxlaylı neft yataqlarının öyrənilməsinin geoloji-geofiziki və hidrodinamik üsullarının yaradılması və tətbiqi” əsərinə görə İ.M.Qubkin adına Neft və Qaz Sənayesi Elmi-Texniki Cəmiyyətinin Mərkəzi İdarə Heyəti Rəyasətində Qurban Cəlilova verilmiş müvafiq diplom və vəsiqə də yer alır. Kolleksiyada, həmçinin, Qurban Cəlilovun müxtəlif tədbirlər zamanı elmi rəhbəri Vladimir Şelkaçov, Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun direktoru, akademik Midhət Abbasov ilə fotoşəkilləri və digər foto və sənədləri də qorunur.