XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
22 Noyabr, 2022
Görkəmli bəstəkar Fikrət Əmirov - 100

Bu gün Azərbaycan xalqının dahi bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyidir. Fikrət Məşhədi Cəmil oğu Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olub. Atası Məşhədi Cəmil Əmirov Şuşanın məşhur muğam ustası və tarzəni olub. Fikrət Əmirov ilk musiqi təhsilini Kirovabad (indiki Gəncə) Musiqi Məktəbində alıb. Həmin məktəbi bitirdikdən sonra, o, Bakıya köçərək, orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfində təhsil alıb. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına, professor B.İ.Zeydmanın bəstəkarlıq sinfinə daxil olub. Fikrət Əmirov Dövlət Konservatoriyasında təhsil aldığı illərdə bir sıra operettalara musiqi bəstələmiş, fortepiano əsərləri, variasiyalar yazıb. Böyük Vətən müharibəsi Fikrət Əmirovun təhsilini yarımçıq qoyur və bir çox incəsənət xadimləri kimi o da müharibəyə gedir. 1944–cü ildə Bakıya qayıdan Əmirov təhsilini davam etdirir.

Azərbaycanda ilk dəfə simfonik muğam 1948-ci ildə Fikrət Əmirov tərəfindən yazılıb. Yaşadığı illərdə Fikrət Əmirov bir çox mükafatlara və fəxri adlara layiq görülüb. Bəstəkar SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, SSR Elmlər Akademiyasının müxbir üzvü olub. O, SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqları İdarə Heyətinin katibi, SSRİ Ali Sovetinin deputatı vəzifəsinə layiq görülüb. Fikrət Əmirov bir neçə il Azərbaycan opera və Balet teatrına rəhbərlik edib. Milli musiqi sənəti qarşısındakı böyük xidmətlərə görə, Lenin ordeni ilə təltif edilib.

Fikrət Əmirov demək olar ki, musiqinin bütüb janrlarında uğur qazanıb. O, "Ulduz" və "Sevil" operaları, "Şur", "Kürd-Ovşarı" simfonik muğamları, "Nəsimi dastanı", "Xəzəri fəth edənlər", "Min bir gecə" və "Nizami" baletləri, "Ürək çalanlar", "Xoş xəbər", "Gözün aydın" musiqili komediyalarının müəllifidir.

Milli bəstəkarlıq sənətinin parlaq siması olan Fikrət Əmirov 20 fevral 1984-cü ildə Bakıda vəfat edib.

Dahi bəstəkarın yubileyi münasibəti ilə Fikrət Əmirova aid muzeyin Sənədli mənbələr fondunda qorunan üç fotoşəkili təqdim edirik. 1974-cü ildə Moskvada keçirilmiş SSRİ Bəstəkarlar İttifaqı qurultayında çəkilmiş fotoda Azərbaycan nümayəndələri arasında bəstəkarlar- Vasif Adıgözəlov, Tofiq Bakıxanov, soldan 2-ci Fikrət Əmirovu, 1978-ci ildə çəkilmiş digər fotoşəkildə isə Azərbaycan klassik musiqi sənətinin iki korifeyi – Qara Qarayev (sağdan 2-ci) və Fikrət Əmirovu (soldan 2-ci) görmək olar. Ötən yüzilliyin 70-ci illərinə aid sonuncu fotoşəkildə bəstəkar Fikrət Əmirovun yaradıcılıq düşüncələrinə daldığı təsvir olunmuşdur.