Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Tarixi Fənn Materialları fondunda Məşrutə İnqilabının rəhbəri- ölməz qəhrəman Səttarxanın (1868-1914) dövrünə aid bürünc medal qorunur.
Tarixə “Məşrutə (farsca–konstitusiya) hərəkatı” kimi daxil olan inqilabın iştirakçılarının əsas tələbləri qanunverici orqanın (məclisin) çağırılması, xarici məmurların ölkədən qovulması və digər məsələlərdən ibarət idi. Məşrutə inqilabı dövründə Cənubi Azərbaycan onun əsas mərkəzlərindən biri idi; belə ki, Təbrizdə inqilab dövründə ilk silahlı üsyan 1907-ci ildə baş verdi və şəhərdə hakimiyyət inqilabçıların əlinə keçdi. Vəziyyəti belə görən şah hökuməti Təbrizə qoşun göndərdi. Şəhər əhalisi müdafiəyə qalxdı, Səttarxan, Bağırxan və digər xalq sərkərdələrinin başçılığı ilə fədai dəstələri yaradıldı. İnadlı mübarizə nəticəsində 1908-ci ildə Təbriz şah qoşunlarından və əksinqilabçılardan təmizləndi. Qələbənin qazanılmasında Səttarxanın misilsiz rolu olmuşdur. Xalq onu “Sərdari-milli” (Xalq sərkərdəsi) adlandırdı və az sonra Azərbaycan Əyalət Şurası öz qərarı ilə bu adı rəsmiləşdirdi. Bu qələbə bütün ölkədə böyük əks-səda doğurdu, Cənubi Azərbaycanın əksər qərb vilayətləri də əksinqilabçılardan təmizləndi.
Muzeyin zəngin kolleksiyasından olan, Səttarxanın rəhbərliyi ilə İran irticasına qarşı gedən milli azadlıq mübarizəsinə həsr olunan bu bürünc medalın (8,21 q, diametr - 28 mm) üst tərəfinə mərkəzdə Səttar xanın təsviri və farsca “Məşrutə sərdarı Səttarxana xatirə”, arxa tərəfinə isə mərkəzdə “şiri xurşid” (şir və günəş) təsviri və farsca “1326, 23 cəmadiəl əvvəl” sözləri, ətrafında palıd və dəfnə yarpaqlarından ibarət budaqlar həkk edilib.
Medal 1908-ci ilin iyun ayında zərb edilmiş, 12 fevral 1938-ci ildə muzeyin inventar kitabında qeydiyyata alınmışdır.
Qeyd edək ki, xalq qəhrəmanı Səttarxanın təsvir olunduğu digər material isə muzeyin Etnoqrafiya fondunda qorunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.