Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi Nazlı Məmmədağa qızı Nəcəfova (Tahirova) 1890-cı ildə Naxçıvanda anadan olub. Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana tərəfdən məşhur Kəngərlilər nəslindəndir.
Nazlı Nəcəfova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə məşhur xeyriyyəçi, görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin açdırdığı qızlar məktəbinin ilk şagirdlərindən olub. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərdən səkkiz il dərs alıb. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı yerə, İrəvana qayıdaraq, burada müəllimlik fəaliyyətinə başlayıb. Nazlı Nəcəfovanın cəmiyyətdəki müsəlman qızların maarifləndirmək istiqamətində ilk cəhdi İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması olub. Naxçıvana qayıtdıqdan sonra Nazlı Nəcəfova yenidən müəllimlik fəaliyyətini davam etdirib. Nazlı xanımın rəfiqəsi, məşhur maarifçi Ayna Sultanovanın köməyi ilə Naxçıvanda bir sıra qadın klubları, bunun ardınca isə yerli müəllimlər üçün hazırlıq məktəbində qızlar üçün xüsusi bölmə və qızlar məktəbi təsis olunub. Məktəbdə çalışan Nazlı Nəcəfova teatr rejissoru Rza Təhmasibin köməyi ilə şagirdlərdən ibarət dram dərnəyi yaradıb. 1921-ci ildə o, Azərbaycanın məşhur dram əsərlərinin əksəriyyətinin tamaşaya qoyulduğu Naxçıvanda ilk özfəaliyyət qızlar teatrının təsis olunmasına müvəffəq oldu. Dövrünün görkəmli pedaqoqu olan Nazlı Nəcəfova müəllimlik fəaliyyəti ilə bağlı bir sıra mükafatlara və ordenlərə layiq görülüb.
Nazlı xanımın həyat yoldaşı Nəcəfqulu Nəcəfov isə xanımının maarifçilik ideyalarının yerinə yetirilməsinə dəstək göstərirdi. Sovet dövründə pedaqoji işlə məşğul olan Nazlı xanım 1930-cu illərdə Azərbaycanın bir çox maarifçi ziyalıları kimi repressiyaya məruz qalır, həyat yoldaşı həbs edilir. Təxminən iyirmi ildən sonra gecikmiş bəraətə baxmayaraq, Nazlı xanım bir daha öz həyat yoldaşını görə bilmir.
1942-ci ildə Nazlı Nəcəfova da "xalq düşməninin həyat yoldaşı" kimi Qazaxıstana sürgün edilib. O, Qazaxıstanda olarkən ailəsini saxlamaq üçün fəhlə briqadasında işləməklə yanaşı, özünün pedaqoji fəaliyyətini yenidən bərpa edib. Sonralar o, Azərbaycana qayıda bilsə də, ona doğma Naxçıvanda qalmağa icazə verilmədi. Həmin vaxtda Nazlı xanım vaxt itirmədən Göyçay rayonunda Azərbaycan və rus dilləri üzrə dərs deyib və tez bir zamanda tanınmış müəllimlərdən birinə çevrilib. Daha sonralar o, Naxçıvanda da müəllim işləyib, "əməkdar müəllim" adını alıb və 1977-ci ildə Naxçıvanda vəfat edib.
Maarifçilik ideyalarının həyata keçirilməsinə müvəffəq olan Nazlı Nəcəfovaya aid təqdim olunan fotoşəkil Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi materiallar fondunda qorunur.
Qeyd edək ki, məqalədə t.ü.f.d. Musa Quliyevin təqdqiqatlarından istifadə olunub.