XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
07 Dekabr, 2022
Milli Azərbaycan Tarixi Muzeyinin 2022-ci ildə gördüyü işlərin hesabatı (II hissə)

Elmi tədqiqat işləri planlarının yerinə yetirilməsi haqqında məlumat

Təsdiq olunmuş plana əsasən Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi mədəniyyət abidələrinin toplanması, mühafizəsi, tədqiqi, nəşri, onların ekspozisiya və sərgilər vasitəsilə nümayişi və təbliği istiqamətində 4 problem üzrə 5 mövzunu əhatə edən 22 iş üzərində çalışmışlar. 2022-ci ildə planda nəzərdə tutulmuş 20 işin icrası başa çatmışdır.

Muzeyin elmi tədqiqat planına daxil olan I problem “Azərbaycan xalqının qədim dövrdən bu günə qədərki tarixini əks etdirən maddi və mənəvi mədəniyyət nümunələrinin muzeyin ekspozisiyasında və sərgilərində nümayişi və təbliği” adlanır. Problemə daxil olan Azərbaycanın qədim, orta əsrlər, yeni və Xalq Cümhuriyyəti dövrlərini, Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiyanın daimi təkmilləşdi­rilməsi və yeniləşdirilməsi, müxtəlif mövzularda sərgilərin qurulması” mövzusu (mövzunun rəhbəri: Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., Səbuhi Əhmədov) çərçivəsində “Yeni ekspozisiyanın qurulması” işinin yerinə yetirilməsinə başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitdən Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasının qurulması və dizayn işlərinin həyata keçirilməsi üçün maliyyə vəsaiti ayrılmış və bu məqsədlə muzey tərəfindən açıq tender elan olunmuşdur. Tenderdə qalib gəlmiş “Safaroff” şirkəti ilə müqavilə bağlanmış, ilin ikinci yarısından etibarən ekspozisiyanın qurulması işlərinə başlanılmışdır.

Mövzu çərçivəsində muzeyin silah kolleksiyasının incilərindən ibarət “Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahları)” sərgisi təşkil edilmişdir. İyunun 28-də açılmış sərgidə XVI-XIX əsrlər silahları, onların dekorativ xüsusiyyətləri ilk olaraq geniş ictimaiyyətə təqdim olunur. Sərgiyə hazırlıq prosesində bir neçə silahın ilk dəfə dəqiq atributasiyası verilmiş, onların muzeyə daxilolma tarixçəsi öyrənilmiş, ilkin görünüşünü əks etdirən fotoşəkillər aşkarlanmışdır. On eksponatın Qarabağ xanlarının silah kolleksiyasına aid olması, Mir Möhsün Nəvvabın kolleksiyasında olan silahların muzeyə verilmə tarixçəsi ilk dəfə müəyyən olunmuşdur. Oktyabrın 3-də isə müəllifi t.ü.f.d. Səbuhi Əhmədov olduğu “Silahın mistik gözəlliyi” sərgisinin kataloqu elmi ictimaiyyətə təqdim olunmuşdur.

Plan üzrə keçirilən növbəti sərgi Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi münasibətilə “Xarıbülbülün vətəni - Şuşa” sərgisi olmuşdur (ətraflı: səh. 1).

Hesabat dövründə muzey həm öz ekspozisiyasında, həm də kənarda plandan əlavə bir neçə sərgi keçirmişdir. Rusiya Federasiyası Xantı-Mansiysk Muxtar Dairəsi – Yuqranın Geologiya, neft və qaz muzeyi ilə birgə layihə çərçivəsində oktyabrın 12-də həmin muzeydə “Hacı Zeynalabdin Tağıyev – sənayeçi və xeyriyyəçi. Rusiya və Azərbaycan tarixində şəxsiyyətin rolu” fotosərgisi (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında), oktyabrın 21-də isə Milli Azərbaycan Tarixi Muzeyində Xantı-Mansiysk Muxtar Dairəsi – Yuqranın Geologiya, neft və qaz muzeyi muzeyinin materialları əsasında “Azərbaycanlı Prometey – Fərman Salmanov. Sibir neftinin kəşfi” fotosərgisi açılmışdır. Martın 1-7-də muzeyin əməkdaşı Əjdər Qafarovun “Göydən üç alma düşdü”, aprelin 8-10-da rəssam Rauf Canıbəyovun “Köhnə Bakı fırça yaddaşında”, iyulun 1-7-də kanadalı rəssam Kristian Frederiksenin “Məni evinə apar” rəsm sərgiləri, iyulun 14-20-də qədim Qurani-Kərim nüsxələrinin sərgisi keçirilmişdir. Həmçinin Milli Azərbaycan Tarixi Muzeyi öz eksponatları ilə İçərişəhər Muzey Mərkəzində keçirilmiş “Qurama” sərgisində (22 noyabr-30 dekabr), Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunmuş “Xurşidbanu Natəvan” sərgisində iştirak etmişdir. Xəzər Dəniz Gəmiçiliyinin “Suraxanı” tanker-muzeyi ilə imzalanmış memorandum çərçivəsində isə dekabrın .... həmin muzeydə Milli Azərbaycan Tarixi Muzeyinin sualtı arxeoloji kolleksiyasının sərgisi açılmışdır.

II Problem Muzeyin fondlarında qorunan maddi mədəniyyət nümunələrinin, Azərbaycan tarixinin müxtəlif dövrlərinin elmi tədqiqi və nəşri, respublika və beynəlxalq səviyyəli elmi konfransların, seminarların keçirilməsi, Azərbaycanın müxtəlif bölgələrinə toplama işi məqsədilə ekspedisiyaların təşkili”dir. Bu problem 2 mövzunu əhatə edir.

“Azərbaycan tarixi problemlərinin elmi tədqiqi və nəşri” mövzusuna (mövzunun rəhbəri: icraçı direktor, t.ü.f.d. Fərhad Cabbarov) daxil olan “Kitab əl-Müştərik” əsərində Azərbaycan və Qafqaz” monoqrafiyası nəşrə hazırlanmışdır. XIII əsr ərəb müəllifi Yaqut əl-Həməvinin “Kitab əl-Müştərik” əsəri Azərbaycanın və bütövlükdə Qafqazın orta əsrlər toponimikasından bəhs edir. Onomastika elmi üçün böyük əhəmiyyəti olan bu əsərdə müxtəlif ərazilərdəki eyniadlı toponimlərin fərqli cəhətləri göstərilir, orta əsrlərdə mövcud olmuş vilayətlərin, şəhərləri, kəndlərin lokalizasiyası dəqiqləşdirilir. Monoqrafiyada əsərin mətninin Azərbaycan dilinə tərcüməsi ilə bərabər geniş şərhlər də verilir (icraçı: Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d. Nərgiz Əliyeva).

Mövzuya daxil olan “Qarabağın sənət irsi” monoqrafiyası çapa hazırlanmışdır (icraçı: Etnoqrafiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulova) (ətraflı: səh. 1).

Noyabrın 1-də muzeydə “Qarabağın tarixi-mədəni irsi” mövzusunda respublika elmi konfransı keçirilmişdir. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin alimləri ilə yanaşı AMEA-nın elmi tədqiqat institutlarının, muzeylərin, ali məktəblərin əməkdaşları iştirak etmiş, Qarabağın tarixinə, arxeologiyasına, etnoqrafiyasına, epiqrafikasına, görkəmli şəxsiyyətlərinə həsr olunmuş 30-a yaxın məruzə dinlənilmişdir (icraçı: Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d. Nərgiz Əliyeva).  

“AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloji eskpedisiyalarında iştirak və etnoqrafik ekspedisiyaların təşkili” işi (icraçılar: Arxeologiya elmi-fond şöbəsi, Etnoqrafiya elmi-fond şöbəsi) çərçivəsində muzeyin Arxeologiya elmi-fond şöbəsinin işçiləri Lerik və Yardımlı rayonlarında ekspedisiyalarda iştirak etmişlər. Həmin rayonların antik dövr nekropollarında aparılan qazıntılardan tapılmış 50-dən çox artefakt muzeyin Arxeologiya fonduna verilmişdir. Fond həmçinin Neftçala, Daşkəsən, Şamaxı, Kürdəmir rayonları ərazisində aşkar edilən təsadüfi tapıntılarla da zənginləşmişdir. Hesabat dövründə muzeyin Arxeologiya fonduna daxil olan tapıntıların bir qismini Bərdə materialları təşkil edir. Böyük Britaniyanın Oksford Universitetinin alimi, Bərdənin arxeoloji öyrənilməsi layihəsinin rəhbəri, Dr. Pol Vördsvörs 2015-2018-ci illərdə aparılan qazıntılar zamanı tapılmış 308 qutu arxeoloji saxsı, metal, sümük, şüşə və s. materialı muzeyə təhvil vermişdir.

Muzeyin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirova 25 aprel-5 may tarixlərində Azərbaycanda yaşayan Axıska türklərinin sürgündən sonrakı həyatına və mədəniyyətinə dair material toplamaq məqsədilə Quba-Xaçmaz bölgəsində ezamiyyətdə olmuşdur. Ezamiyyət zamanı şifahi məlumatlar, həmşinin axısqaların həyat tərzini əks etdirən fotomateriallar və digər əşyalar toplanmışdır.

Problemə daxil olan “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsində mənbə kimi” adlı ikinci mövzunun (mövzunun rəhbəri: icraçı direktor, t.ü.f.d. Fərhad Cabbarov) icrası çərçivəsində hesabat dövründə “Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahları)” kataloqu (icraçı: Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri t.ü.f.d. Səbuhi Əhmədov) nəşr olunmuşdur. Azərbaycan və ingilis dillərində tərtib olunan kataloqda Azərbaycan silahlarının xüsusiyyətləri, növləri, fərqləndirici cəhətləri araşdırılır.

Nəşrə hazırlanan “Azərbaycan xalqının toy adətləri” kataloqu (icraçı: Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Tural Şiriyev) azərbaycanlıların ailə məişətində xüsusi yeri olan toy adətlərinin Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında öyrənilməsinə həsr edilmişdir. Əsərdə ənənəvi toy mərasiminin mərhələləri haqda məlumat verilir, muzeyin kolleksiyasında qorunan etnoqrafik material təqdim olunur.

Muzeyin fond materialları əsasında hazırlanan daha bir əsər “XIX-XX əsrin əvvəllərində Azərbaycanda təhsil” kataloqudur (icraçılar: Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Bəhman Kərimov, Sənədli mənbələrin elmi fondu şöbəsinin müdiri Esmira Rəhimova). Kataloqda öyrənilən dövrdə Azərbaycanda mövcud olmuş təhsil müəssisələrinin fəaliyyəti, təhsilin inkişafında xidmətlər göstərmiş maarifçilər, pedaqoqlar haqqında məlumatlar yer alıb. Əsərin əlyazması redaktədədir.

“Keçmiş məişətə səyahət” silsiləsi çərçivəsində “Çay dəsgahı” (icraçı: Etnoqrafiya elmi-fond şöbəsinin elmi işçisi Fatma Qəniyeva) və “Azərbaycan xalqının hamam mədəniyyəti” (icraçı: Etnoqrafiya elmi-fond şöbəsinin elmi işçisi Nurəngiz Qarayeva) kataloqları çapa hazırlanmışdır. Muzeyin etnoqrafik kolleksiyası əsasında yazılan hər iki əsərdə Azərbaycan xalqının məişətində mühüm yer tutan çay və hamam mədəniyyətinin xüsusiyyətləri açıqlanır, fond materialları qruplaşdırılaraq araşdırılır.

Azərbaycanda qələmkar parçaların istehsalının zamanla süquta uğraması və muzeyin kolleksiyasında zəngin toxuculuq məmulatı arasında qələmkarların da yer alması bu parçaların araşdırılmasını aktual etmişdir. Bu məqsədlə hesabat dövründə “Milli Azərbaycan Tarixi Muzeyinin qələmkarlar kolleksiyası” kataloqu nəşrə hazırlanmışdır (icraçı: elmi katib, t.ü.f.d. Sevinc Nəsirova).

Həmçinin hesabat dövründə muzey əməkdaşları fərdi iş planlarına uyğun olaraq “Azərbaycan memarlıq abidələri rəsm əsərlərində”, “Azərbaycanın görkəmli şəxsiyyətləri xatirə medallarında”, “Azərbaycanın orta əsr basmanaxışlı küpləri”, “Dolanların bədii metalı”, “Ərəb yazılı şirli qablar”, “Azərbaycan məişətində tirmə” kataloqları üzərində də tədqiqatlar aparmışlar. Adıçəkilən əsərlərin mənbə bazasını muzeyin kolleksiyasında saxlanılan materiallar təşkil edir.

III Problem “Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında cari texniki işlərin aparılması, mühafizənin və təhlükəsizliyin təmin olunması məqsədilə müasir infrastrukturun təşkili” adlanır.

Problemə bir mövzu – “Fond kolleksiyalarının işlənməsi, pasportlaşdırılması, yeni materiallarla zənginləşdirilməsi” daxildir (mövzunun rəhbəri: Fondların elmi uçotu və təsnifatı şöbəsinin müdiri – baş mühafiz, t.ü.f.d. Məhfuzə Zeynalova). Mövzu üzrə aşağıdakı işlər yerinə yetirilmişdir:

- fondlara daxil olan yeni materiallar ilkin işlənərək, inventar kitabında qeydiyyatdan keçirilmişdir;

- eksponatların sanitar-təmizləmə işləri aparılmışdır;

- fond əməkdaşları muzeyə müraciət edən müxtəlif yerli və xarici təşkilatlara və tədqiqatçılara (o cümlədən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Elmlər Akademiyasının müvafiq institut və təşkilatlarına, ali təhsil müəssisələrinə, dövlət qurumlarına, ictimai təşkilatlara, televiziya şirkətlərinə və s.) metodiki və əməli yardım göstərmişlər.

Hesabat dövründə Silahlar və bayraqlar fondunda təhvil-təslim aparılmış, Numizmatika fondunda bu iş davam etdirilir.

Hesabat dövründə fondlarda pasportlaşdırma işi çərçivəsində 2887 eksponatın elektron pasportu hazırlanmışdır.

Muzeyin kitabxanasında inventarlaşdırma işi başa çatmışdır. Kitabxananın ümumi fondunda 20264 ədəd kitab, albom, avtoreferat, jurnal və qəzetin mövcudluğu müəyyən edilmişdir.

Mövzuya daxil olan “Bərpaya və konservasiyaya ehtiyacı olan fond materiallarının bərpa və konservasiyası” işi çərçivəsində 2022-ci ildə muzeyin Bərpa laboratoriyası tərəfindən 1963 muzey eksponatı bərpa və konservasiya edilmişdir. Elmi-bərpa şurasının iki iclası keçirilmişdir.

Cari ildə Tarixi Əşyaların Fond-Satınalma Komissiyası tərəfindən 15 material satın-alınmış, 941 material hədiyyə edilmişdir. Toplama işi çərçivəsində muzey əməkdaşları I və II Qarabağ müharibəsi iştirakçılarının, görkəmli alimlərin, teatr xadimlərinin əşyalarını, ali təhsil müəssisələrinin, dövlət qurumlarının fəaliyyətinə dair materialları toplamışlar.

IV Problem “Elmi maarif, elmi kütləvi işlər”i əhatə edir. Problemə daxil olan mövzu “Azərbaycan tarixinin KİV, internet vasitəsilə təbliği, təhsil müəssisələri, ictimai təşkilatlarla əlaqələrin genişləndirilməsi” adlanır (mövzunun rəhbərləri: İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi, Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsinin müdiri, t.ü.f.d. Bəxtiyar Sayılov). Hesabat dövründə muzeyin tanıdılması, Azərbaycan tarixinin populyarlaşdırılması məqsədilə “Elmi macəralar saatı” layihəsi çərçivəsində “Zəhmətlə gələn zinət. Dərsimiz – Hacı Zeynalabdin”, “Nizami Gəncəvi və Atabəylər dövləti”, “Yurdumuza Novruz gəlir”, “Danışan parçalar - qurama” mövzusunda interaktiv dərslər təşkil olunmuşdur. Ümumilikdə 1200-dan çox məktəbli və uşaq həmin dərslərdə iştirak etmişdir.

Hesabat dövründə muzeydə 20 Yanvar və Xocalı faciələrinə, Gənclər Gününə, Elm Gününə, Aprel döyüşlərinə, Beynəlxalq Muzeylər Gününə, Heydər Əliyevin doğum gününə, Müstəqillik Gününə, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə, Anım Gününə, Zəfər Gününə, həmçinin görkəmli şəxsiyyətlərin doğum və anım günlərinə həsr olunmuş elmi seminarlar, tədbirlər keçirilmişdir.

Elmlə təhsilin əlaqələrininin genişləndirilməsi işi çərçivəsində yarımil ərzində İnnovasiyalar və təhsil proqramları şöbəsi ölkənin 83 təhsil ocağı ilə əlaqələr qurmuş, birgə tədbirlər həyata keçirmişdir.

Muzeyin ictimai təbliğində və tanıdılmasında böyük əhəmiyyət daşıyan rəsmi internet səhifəsində “Muzeyin nəşrləri” bölməsinə 14 yeni nəşrin elektron versiyaları yerləşdirilmişdir. Hesabat dövründə muzeyin internet səhifəsini 68 min nəfər ziyarət etmişdir. Muzeyin həyatındakı yeniliklər, nəşrlər, keçirilən tədbirlər haqqında məlumatlar mütəmadi olaraq həm rəsmi internet saytında, həm də müəssisənin Facebook, İnstaqram, Tvitter və Teleqram səhifələrində yerləşdirilmişdir.

İl ərzində muzeydə 1624 ekskursiya aparılmış, 9800 nəfər muzey ekspozisiyasını ziyarət etmişdir (dekabrın 1-nə olan məlumat).

Hesabat dövründə muzeyin bir sıra əməkdaşları onun fəaliyyətinə, Azərbaycan tarixinin müxtəlif problemlərinə dair televiziya, radio, mətbuat və İnternet vasitəsilə çıxışlar etmişlər.