Bu gün, 8 dekabr görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenli Tofiq Bakıxanovun doğum günüdür.
Görkəmli tarzən, respublikanın Xalq artisti Əhməd Bakıxanovun oğlu Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda anadan olub. O, Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun nəticəsidir.
Tanınmış bəstəkar Tofiq Bakıxanov üç balet (“Xəzər balladası”, “Şərq poeması” və “Xeyir və Şər”), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya (“Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir”), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam (“Nəva”, “Şahnaz”, “Rahab”, “Humayun”, “Dügah”), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir. Bəstəkar bu gün də yorulmaq bilmədən bir-birindən gözəl əsərlər yaradaraq, milli musiqi xəzinəmizi zənginləşdirir.
Qeyd edək ki, Tofiq Bakıxanovun öz təşəbbüsü ilə muzeyə təhvil verdiyi şəxsi əşyaları muzeyin aidiyyatı fondlarında qorunur. Materiallar arasında Tofiq Bakıxanovun peşə və ictimai fəaliyyəti ilə bağlı mükafat və təltifləri, fotoalbom və fotoşəkilləri, əsərlərinin ifa edildiyi tədbirlərin afişaları və proqramları, ünvanına gələn təbriknamələri, medalları, nişanları və müxtəlif ölkələrin hədiyyələri, musiqi alətləri, səhnə geyimi və s. yer alır.