Bu gün SSRİ xalq artisti (1959), SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və Dağıstan MSSR-in xalq artisti, Gürcüstan SSR-in əməkdar incəsənət xadimi Rəşid Məcid oğlu Behbudovun doğum günündən 107 il ötür.
Təqdim etdiyimiz Rəşid Behbudova məxsus dəyərli materiallar Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondu (fotoşəkil, 1963-cü il) , Köməkçi Tarixi Fənn Materialları fondu (100 illik yubileyə həsr olunmuş açıqca, üzərində marka), Fotoneqativ materiallar fondunda (fotoneqativ, 1963-cü il) qorunur.
Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə Şuşalı xanəndə Məcid Behbudovun ailəsində dünyaya gəlib. Anası Firuzə Vəkilova isə tanınmış Vəkilovlar nəslinə mənsub olub. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid Behbudov 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov hərbi xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edib. Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alıb. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda Azərbaycanla yanaşı, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin" mükafatı ilə təltif olunub. 1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və Tələbələrin Ümumdünya Festivalında çıxış edib. 1946–1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953–1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957–1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.
Bütün Sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rəşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. Rəşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb. Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.
Xatırladaq ki, 14 dekabr 2015-ci il tarixində Rəşid Behbudovun Heydər Əliyev Sarayında 100 illik yübileyi qeyd olunub.