XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
21 Dekabr, 2022
Muzeydə polkovnik, şəhid Fizuli Cavadova həsr olunmuş “Son uçuş” adlı tədbir keçirildi

21 dekabr 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyində I Qarabağ və Vətən müharibəsi iştirakçısı, Azərbaycan Dövlət Sərhəd Xidmətinin polkovniki, 2021-ci il 30 noyabr tarixində Xızı rayonu “Qaraheybət” hərbi təlim poliqonunda baş vermiş helikopter qəzası zamanı şəhid olmuş Fizuli Əliibram oğlu Cavadova həsr olunan “Son uçuş” adlı tədbir keçirildi.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov açdı. F.Cabbarov şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində muzeydə görülən işlərdən danışdı. O, həmçinin, polkovnik Fizuli Cavadov haqqında ətraflı çıxış etdikdən sonra şəhidin şəxsi əşyalarının muzeyə təqdim edilməsinə təşəbbüs göstərən ailəyə öz minnətdarlığını bildirdi və qəhrəmanlarımızın şəxsi əşyalarının muzeydə əbədi qorunacağını, gələcək nəsillərə ötürüləcəyini xüsusi vurğuladı.

Sonra muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov foto-slaydın müşayiəti ilə polkovnik Fizuli Cavadovun həyat və hərbi fəaliyyəti haqqında, onun Vətən qarşısında misilsiz tarixi xidmətləri barədə məlumat verdi.

Şəhid, polkovnik Fizuli Cavadovun ailə üzvləri- qızı Nərmin Ağayeva, qardaşı Namiq Cavadov, qardaşı qızı Fatimə Cavadova çıxış etdikdən sonra şəhidin şəxsi əşyalarını Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verdilər və muzey rəhbərliyinə öz minnətdarlığını bildirdilər.

Sonda xatirə fotosu çəkildi və qonaqlar muzeydə nümayiş olunan “Xarıbülbülün vətəni- Şuşa” sərgisini ziyarət etdilər.