XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
24 Dekabr, 2022
Ömər Faiq Nemanzadənin muzeydə qorunan orijinal fotoşəkli

Bu gün, 2022-ci il dekabrın 24-də Azərbaycan milli mətbuatının görkəmli nümayəndəsi, publisist, pedaqoq, ictimai xadim, "Qeyrət" mətbəəsinin sahibi və "Molla Nəsrəddin" jurnalının həmtəsisçisi olmuş Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur.

Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, əlamətdar günlə bağlı görkəmli publisistin Milli Azərbaycan Tarixi Muzeyində qorunan fotoşəkilini təqdim edirik.

Ömər Faiq Nemanzadə 1872-ci ilin 24 dekabrında Axalsıx qəzasının Azğur kəndində kəndli ailəsində anadan olub. O, bir neçə il molla məktəbinə getsə də, dinə maraq göstərməyib və yenicə açılmış rus məktəbinə daxil olub. 1882-ci ildə anasının təkidi ilə İstanbulda "Fateh" məktəbində təhsilini davam etdirib.

Sonralar Vətənə qayıdan Ömər Faiq Nemanzadə 1893-1903-cü illərdə məktəblər təşkil edərək, Şəki, Şamaxı, Gəncə, həmçinin, Tiflis şəhərlərində müəllimlik etməyə başlayır. Ömər Faiq Nemanzadə hər zaman müəllimlik peşəsini, fəaliyyətini yüksək qiymətləndirir və deyirdi: “Xalqın inkişaf səviyyəsini onun müəllimlərinin inkişafı müəyyənləşdirə bilər. Müəllim problemi ümumilikdə xalqın problemidir”.  

Ömər Faiq Nemanzadə bir publisist, mətbuat nümayəndəsi olmaqla yanaşı, o, həm də maarifçilik ideyalarını təbliğ edən vətənpərvər idi. Bakıda, Tiflisdə nəşr olunan qəzetlərdə, xüsusilə də "Molla Nəsrəddin" jurnalında,  "Həyat", "İrşad", "Tərəqqi", "İqbal", "Yeni İqbal", "Açıq söz" qəzetlərində Ömər Faiq Nemanzadənin maarifləndirici əhəmiyyətə malik yazıları dərc edilirdi.

1900-cü ildə tanınmış publisist və maarifçi ictimai fəaliyyətini genişləndirmək məqsədi ilə Bakıya gəlir. Bakı şəhərində milli məktəblərin yox dərəcəsində olduğunu, müsəlman xalqının acınacaqlı bir şəkildə yaşamasını görən Ömər Faiq Nemanzadə demişdir: "Əgər Tağıyevin açdığı qız məktəbini görməsəydim, Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim"

O, 1906–1917-ci illərdə Bakıda jurnalist-yazıçı və müəllim işləmiş, müxtəlif mövzularda qələmə aldığı məqalələrdə milləti düşündürən, həyəcanlandıran problemlərə təmas etmişdir. 1917-ci ildə vətəni Axalsıxa dönərək, buradakı türklərin milli mənafelərinin müdafiəçisi olmağı seçmişdir.

Sonralar o, Gürcüstan Respublikasının anti-türk siyasi şiddətinə qarşı çıxmış, 1918-ci ildə üç dəfə həbs olunmuşdur. Dövrün vətənpərvər ruhlu bir çox şəxsiyyətləri kimi Ömər Faiq Nemanzadə də totalitar sovet rejiminin 1930-cu illər repressiyasının qurbanlarından olmuşdur. O, 1937-ci ilin yayında öz ata yurdu Axalsıxda olarkən, iyulun 16-da həbs olunmuş və 3 ay sonra oktyabrın 10-da Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının qərarı ilə güllələnmişdir. 1958-ci ildə Gürcüstan SSR Ali məhkəməsi ona bəraət vermişdir.

Xatırladaq ki, bu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyinə Ömər Faiq Nemanzadənin nəvəsi Fuad İsgəndər Pepinov və nəticəsi Ülviyyə Fuad qızı Pepinova tərəfindən görkəmli ictimai xadim Ömər Faiq Nemanzadənin çox dəyərli fotoşəkilləri hədiyyə edilmişdir. Onun ailəsi ilə birlikdə çəkilmiş fotoşəklini təqdim edirik. Soldan: qızları Kamilə xanım, Bəxtli xanım, həyat yoldaşı Abidə xanım, oğlu Kamil, Ömər Faiq Nemanzadə, qızı Adilə xanım (Bakı, 1930-cu il).

Qeyd edək ki, muzeyin zəngin kolleksiyası əsasında hazırlanan “Ömər Faiq Nemanzadə” foto-albomu yaxın zamanlarda nəşr olunacaq. Tərtibatçı Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarovdur.