Azərbaycan Tarix Muzeyinin 1968-1998-ci illərdə direktoru olmuş, tarix elmləri doktoru, akademik Püstəxanım Əzizağa qızı Əzizbəyova 1928-ci il dekabrın 29-da Bakı şəhərində dünyaya gəlib.
Püstəxanım Əzizbəyova 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bir müddət sonra Məşədi Əzizbəyovun ev-muzeyinin direktoru vəzifəsində çalışıb.
Püstəxanım Əzizbəyova pedaqoji fəaliyyətlə də məşğul olub və Bakının müxtəlif ali məktəblərində dərs deyib, 1955-ci ildə dosent, 1962-ci ildə isə professor adına layiq görülüb. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib. 1982-ci ildə akademik Püstəxanım Əzizbəyova Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülüb.
Akademik bir çox monoqrafiya və müxtəlif həcmli nəşrlərin, o cümlədən 300-ə yaxın məqalənin müəllifidir. Uzun müddət Ümumittifaq “Bilik” Cəmiyyətinin Bakı bölməsinə başçılıq edib.
Püstəxanım Əzizbəyova elmi və ictimai fəaliyyətində əvəzsiz xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, “Rəşadətli əməyə görə” medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin iki Fəxri fərmanı ilə təltif olunub.
Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Püstəxanım Əzizbəyova 1998-ci il 8 yanvar tarixində Bakıda 68 yaşında vəfat edib.
Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında Püstəxanım Əzizbəyovaya məxsus çox sayda material: fotoşəkillər, vəsiqələr, orden və medallar və.s. qorunur. Həmçinin, muzeyin kitabxanasında akademikin özünün müəllifi olduğu kitablar da mühafizə olunur.
Təqdim etdiyimiz foto isə muzeyin Fotoneqativ materialları fondunda qorunur. Azərbaycan Tarixi muzeyində çəkilmiş həmin fotoda Akademik Nikolay Bogolyubovu, Azərbaycan Elmlər Akademiyasının keçmiş prezidenti Həsən Abdullayevi, Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru Püstəxanım Əzizbəyovanı görmək olar (muzeyə daxil olma tarixi:1977 il).