Bu gün “Leyli və Məcnun” operasının premyerasından 115 il keçir. Bu münasibətlə muzeyin Sənədli mənbələr fondunda qorunan “Leyli və Məcnun” operasının ilk tamaşasının 1908-ci il yanvar ayının 25-də (12-də) olan proqramını təqdim edirik (muzeyə təhvil verilmə tarixi: 1960-cı il).
“Nicat” maarif cəmiyyətinin dram heyəti tərəfindən “Leyli və Məcnun” operasının ilk tamaşası 1908-ci il yanvar ayının 25-də (12-də) məşhur xeyriyyəçi, böyük neft sahibkarı Hacı Zeynalabdin Tağıyevin teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) keçirilmişdir. Bu opera ilə Azәrbaycan musiqi mәdәniyyәti tarixindә yeni bir dövr açılmış, müsәlman Şәrqindә opera janrının әsası qoyulmuşdur. Azərbaycanın tanınmış bəstəkarı Üzeyir bəy Hacıbəyli tərəfindən yazılmış bu opera M.Füzulinin eyniadlı poemasının motivlәri әsasında ərsəyə gəlmişdir. Üzeyir bəy Hacıbəyli, həmçinin, librettonun müəllifi idi.
Müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” ilə musiqi tarixində operanın yeni növü – muğam operası meydana gəldi. Görkəmli aktyor və rejissor Hüseyn Ərəblinskinin quruluş verdiyi “Leyli və Məcnun” operasının dirijoru yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev olmuş, əsərin bədii tərtibatını publisist, mütəfəkkir, eyni zamanda istedadlı rəssam Əli bəy Hüseynzadə vermişdir. İlk tamaşanı Üzeyir bəyin seminariya yoldaşları olan həvəskar musiqiçilərdən ibarət orkestr səsləndirmişdir. Muğam hissələrini ustad tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdilər. Məcnun rolunun ilk ifaçısı tanınmış teatr və musiqi xadimi Hüseynqulu Sarabski idi. İlk tamaşada Leyli rolunun ifası məlahətli səsə malik Fərəcov soyadlı bir gəncə tapşırıldı. Sonralar isə Leyli rolunda məşhur ifaçı Əhməd Ağdamski (Bədəlbəyli) çıxış etmişdir.
Ötən illər ərzində “Leyli və Məcnun” repertuardan düşməmiş, həmişə maraqla izlənmişdir. Bu gün Şərqin opera tarixinin məhz Azərbaycandan başlandığını qürur hissi ilə xatırlayırıq.
Muzeyin fondunda, həmçinin, Məcnun rolunun ilk ifaçısı olan Hüseynqulu Sarabskinin həmin rolda çəkilmiş fotoşəkili də mühafizə olunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.