XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
30 Yanvar, 2023
Azərbaycanlı paleontoloq Dəmir Hacıyev- 94

Bu gün tibii biologiya sahəsində tanınmış alim, biologiya elmləri doktoru, professor, AEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Dəmir Hacıyevin doğum günündən 94 il ötür.

Dəmir Vahid oğlu Hacıyev 29 yanvar 1929-cu ildə Qax rayonunda anadan olub. 1952-ci ildə Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Pediatriya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1952-ci ildə Krım vilayətinin Morfovka rayon xəstəxanasında həkim vəzifəsində başlayıb. 1954-cü ildə AEA-nın H.Zərdabi adına Təbiət tarixi muzeyinə dəvət edilmiş və burada kiçik elmi işçi, elmi katib və böyük elmi işçi vəzifələrində çalışmışdır.

1961-ci ildə biologiya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülən Dəmir Hacıyev 1964-cü ildə professor elmi adını almışdır. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun elmi işlər üzrə prorektoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədri vəzifələrində çalışmışdır. 1968-1970-ci illərdə Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) Paleobiologiya sektoruna, 1971-ci ildən isə Təkamül paleontologiyası laboratoriyasına rəhbərlik etmişdir. 1996-cı ildə Ali Attestasiya Komissiyasında (AAK) Biologiya üzrə İxtisaslaşdırılmış şuranın sədri vəzifəsində çalışmışdır.

Tədqiqatçı-alim 120-dən çox elmi işin, o cümlədən 12 monoqrafiya və dərsliklərin müəllifidir. Həmçinin, bir sıra xarici akademiyaların və elmi cəmiyyətlərin üzvü olmuş Dəmir Hacıyev 1970-ci ildə “Fədakar əməyə görə” medalı, 1971-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 1972-ci ildə Əməkdar elm xadimi fəxri adını almışdır, 1983-cü ildə Akademik N.İ.Vavilov adına qızıl medal, 1996-cı ildə ekologiya üzrə Akademik H.Ə.Əliyev adına diplom və mükafatla təltif edilmişdir. Dəmir Hacıyev 1999-cu ildə Bakıda vəfat etmişdir.

Azərbaycanın tarixi, mədəni irsi, keşmişini özündə əks etdirən, maddi-mədəniyyət nümunələri olan eksponatlar arasında 1968-ci ildə Füzuli rayonu ərazisindən arxeoloji qazıntılar zamanı tapılmış, 350-400 min il bundan əvvəl yaşamış 18-20 yaşlarında qadının alt çənə sümüyü xüsusi olaraq seçilir. Alimlərin dünyada dördüncü hesab etdikləri, erkən paleolit dövrünə aid olan bu nadir tapıntının yaşı azərbaycanlı paleontoloq Dəmir Hacıyev, eləcə də fransız alimi Lümleyn tərəfindən təsdiq olunmuş, bu səbəbdən də Azərbaycan ərazisi «Avropanın ən qədim sakinləri» xəritəsinə daxil edilmişdir. Hər zaman muzey ziyarətçilərinin marağına səbəb olan həmin eksponat hazırda muzeyin Xüsusi fondunda mühafizə olunur və tezliklə muzeyin yeni qurulan ekspozisiyasında nümayiş olunacaq.

Qeyd edək ki, təqdim etdiyimiz fotoşəkil muzeyin Köməkçi materiallar fondunda qorunur.