XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
31 Yanvar, 2023
Məhəmməd Əmin Rəsulzadə-139

Bu gün Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, AXC-nin Milli Şurasının sədri olmuş görkəmli şəxsiyyət Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Axund Hacı Molla Ələkbər oğlu Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. O, Bakı Texniki məktəbində rus dilində təhsil alıb. Lakin təhsilini yarımçıq qoyaraq, siyasi fəaliyyətə başlayıb. 1902-ci ildə on yeddi yaşlı M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. Milli istiqlal hərəkatımızın və bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməlini qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də Seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurulduğunu bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurdu. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşdi. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat etdi.

Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında M.Ə.Rəsulzadənin həyat və fəaliyyətini əks etdirən çox saylı eksponatlar qorunur. Sənədli mənbələr fondunda M.Ə.Rəsulzadənin üç kitabı, onun azərbaycanlı mühacir Süleyman Təkinərə Türkiyədə yaşadığı dövrdə yazdığı məktubları, fotoşəkilləri, Təsviri materiallar fondunda portreti (rəssam: Əziz Əzizov, kətan, yağlı boya), Fotoneqativ fondunda fotoşəkili (M.Ə.Rəsulzadə Türkiyədə. 1950-ci il) mühafizə olunur. Sözügedən dəyərli materiallar Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət dövrü tariximizin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.

Həmçinin, M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin ictimaiyyətə çatdırılması, gələcək nəsillərə ötürülməsi istiqamətində muzeydə bir çox əhəmiyyətli tədbirlər, konfranslar keçirilib.