Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olub.
Bahram Mansurov ilk təhsilini mədrəsədə, sonra isə rus-tatar məktəbində alıb. 1921-ci ildə 10 №-li məktəbə qəbul olub, 1927-ci ildə isə Mehdi bəy Hacınskinin direktoru olduğu 33 №-li məktəbdə təhsilini davam etdirib. 19 yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət edib.
1978-1983-cü illərdə onun ifasında bütün Azərbaycan muğamları UNESCO xətti ilə vallara və CD-lərə yazılaraq, bütün dünyaya yayılmışdır. Dünya Beynəlxalq Muğam Simpoziumlarında Azərbaycanı məhz Bəhram Mansurov təmsil etmiş, 1978-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür.
Muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda “Mansurovlar” adlı miniatür kitab (Eldar Mansurov, Münəvvər Mansurova. Bakı-2016) qorunur. Müxtəlif arxiv və muzeylərdən toplanmış sənədlər əsasında hazırlanmış kitab “Mansurovlar” nəslinin tarixini XVII əsrin ortalarından bu günə kimi əks etdirir. Kitabda “Mansurovlar” nəslinin gerbi və şəcərəsi də təsvir olunub.
Muzeyin Sənədli mənbələr fondunda görkəmli tarzən Bəhram Mansurova aid fotoşəkil ("O olmasın, bu olsun" kinofilmindən səhnə: xanəndə Xan Şuşinski, tarzən Bəhram Mənsurov, kamança çalan Tələt Bakıxanov. 1956-cı il), Köməkçi materiallar fondunda Bəhram Mansurovun fotoşəkli və Köməkçi tarixi fənn materialları fondunda Bəhram Mansurovun anadan olmasının 105 illiyinə həsr olunmuş zərf, poçt markaları mühafizə olunur.
Qeyd olunan dəyərli materiallar 2016-cı ildə Bəhram Mansurovun oğlu tanınmış bəstəkar Eldar Mansurov tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib.