XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
14 Fevral, 2023
Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri günüdür

14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunduğu vaxtdan bu tarix Azərbaycanın Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur.

1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Hərbi Hava Qüvvələrinin şəxsi heyəti həm 2016-cı ilin Aprel döyüşlərində, həm də 2020-ci ilin 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstəriblər.

Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kurslarında və təlimlərdə iştirak edirlər.

Muzeyin Vətən müharibəsi fondunda Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbinə məxsus geyim nümunələri (göy rəngli mərasim kiteli (üzərində Hərbi Hava Qüvvələrinə məxsus fərqlənmə nişanları, rütbələri və şevronları var), şalvar, uzunqol köynək, qara rəngli qalstuk, baş geyimi (furajka), bir cüt ayaqqabı və corab) mühafizə olunur. Bu geyim nümunələri 2021-ci ildə muzeydə “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgidə nümayiş etdirilmişdir.

Qeyd edək ki, sovet dönəmində də Azərbaycan pilotları öz qəhrəmanlıqları ilə seçilmişlər. Azərbaycanın əfsanəvi pilotlarından biri olan, Sovet İttifaqı Qəhrəmanı Adil Quliyevin təqdim etdiyimiz fotoşəkli muzeyin Sənədli mənbələr fondunda qorunur.

Adil Quliyev 1922-ci ildə Bakıda anadan olub. 1941-ci ildə hərbi xidmətə çağrılmış və 1942-ci ildə Stalinqrad hərbi təyyarəçilik məktəbini bitirmişdir. İkinci Dünya müharibəsi dövründə Staraya Russa şəhəri yaxınlığında təyyarəsi vurulsa da, Adil Quliyev təyyarəni cəbhə xəttinə qədər çatdırıb, paraşütlə öz cəbhəmizə keçə bilmişdir. 1945-ci ilin fevarlın 23-də Qızıl Ulduz medalı, daha sonra Lenin ordeni, Qırmızı Bayraq ordeni, I və II dərəcəli Vətən Müharibəsi ordenləri ilə təltif olunub və Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Adil Quliyev 16 dekabr 1992-ci ildə vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

Hərbi Hava Qüvvələri günü münasibəti ilə bu sahəni təmsil edən bütün hərbçilərimizi təbrik edirik!