Xocalı soyqırımının 31-ci il dönümü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi və Bakı şəhəri, Xətai rayonu 245 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə həmin məktəbdə "Əsrin faciəsi - Xocalı" adlı tədbir keçirilib.
Tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirin birinci hissəsində muzeyin əməkdaşı Qənirə Qafarlı foto-slaydın müşayiəti ilə Xocalı soyqırımı ilə bağlı çıxış edib. O, çıxışında soyqırımı faktının tək Azərbaycan mədəni-tarixi irsinə deyil, bəşəriyyətə vurulan bir zərbə olduğunu diqqətə çatdırıb. Həmçinin, tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı irəli sürülən ərazi iddiaları, 1918-ci il mart soyqırımı və bu dövrə aid muzey eksponatları haqqında məlumat verib.
Sonra çıxış edən 245 nömrəli tam orta məktəbin direktoru Arzu Azadəliyeva Xocalı faciəsinin təkcə ildönümündə deyil, hər zaman xatırlanmasını şagirdlərə tövsiyə edib.
Tədbir bədii hissə ilə yekunlaşıb.