“Əgər Azərbaycan xalqı müsəlman Şərqində ilk dəfə, 1873-cü ildə, milli teatr yaratmış və dünya mədəniyyətinə, Avropa mədəniyyətinə qovuşmuşsa, bu xalqın nə qədər böyük mənəviyyatı var. O nə qədər böyük mədəniyyətə, nə qədər yüksək intellektə malikdir və onun nə qədər böyük daxili qüdrəti var”
Heydər Əliyev
Milli teatrın yaranması XIX əsrin ikinci yarısına təsadüf edir. XIX əsrin ortalarında Azərbaycanın müxtəlif bölgələrində həvəskar teatr tamaşaları göstərilsə də milli teatrın yaranma tarixi 1873-cü ilin martın 10-u və aprelin 17-də Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının səhnəyə qoyuluşu ilə bağlıdır. Bakı realnı məktəbinin müəllimi Həsən bəy Zərdabinin və şagirdi Nəcəf bəy Vəzirovun təşəbbüsü, Əsgər ağa Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə şagirdlərin göstərdiyi bu tamaşalarla Azərbaycan teatr tarixində ölkənin mədəni həyatına yeni ab-hava gətirildi, milli teatrın yaranması üçün təkan oldu.
Bu dövrdə Bakıda ildırım sürətilə inşa edilən şirkətlər, kontorlar, birjalar və banklara nisbətən mədəni-kütləvi müəssisələrin tikintisi ləngiyirdi. Şəhərdə xüsusi konsert və teatr binalarının yoxluğu kəskin hiss olunurdu. Bu vəziyyət böyük maarifpərvər xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevdə Bakıya teatr binası hədiyyə etmək fikrini oyadır. 1883-cü ildə o, binanın layihəsini təsdiq edilmək məqsədilə şəhər idarəsinə təqdim edir. Hacı teatrın tikintisi üçün özünün şəhərin mərkəzində, sahilyanı küçədə yerləşən iri taxıl anbarının yerini ayırır, inşa işlərinin icrasını texnoloq mühəndis Ferdinand Lemkulə həvalə edir. Lakin Tağıyev teatrının taleyi faciəli oldu: o bir neçə dəfə yanğına məruz qaldı. Bununla belə, hər dəfə yenidən bərpa edildikdə, o görünüşünü dəyişir, tamaşa zalının, səhnənin, foyenin quruluşu təkmilləşdirilirdi.
Azərbaycan teatr tarixi ilə bağlı muzeyin kolleksiyasında bir sıra dəyərli nümunələr qorunur. Bu nümunələrdən birini- “Azərbaycan türk teatrının müxtəsər tarixi. 1873-1923” adlı kitabı təqdim edirik. Muzeyin Sənədli mənbələr fondunda qorunan bu kitab 1923-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığı tərəfindən Türk səhnəsinin 50 illik yubileyi münasibətilə “Maarif və mədəniyyət” məcmuəsinə əlavə olaraq nəşr edilmişdir. Qeyd edək ki, muzeyin direktoru, akademik Nailə Vəlixanlı tərəfindən əsərin ərəb qrafikasından latın qrafikasına transliterasiyası olunmuş, mətninin dili və üslubu orijinalda olduğu kimi saxlanılmışdır.
Muzeyin nəfis tərtibatlı nəşrlərindən biri də “Bakının teatr həyatı” adlı kataloqdur (Bakı, 2013, 212 s.). Kataloqda Bakıda bu gün öz maraqlı təqdimatları ilə tamaşaçıları sevindirən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Abdulla Şaiq adına Azərbaycan Kukla Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, eləcə də müstəqillik illərində əsası qoyulan Bakı Bələdiyyə Teatrı (1992) və “Planet Parni iz Baku-KVN” (2000) teatrının fəaliyyətinə dair Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında olan materiallar təqdim olunur.