XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
31 Mart, 2023
Muzeydə I Qarabağ müharibəsi şəhidi Rövşən Camalovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

31 mart 2023-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində I Qarabağ müharibəsi şəhidi Rövşən Camalovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, şəhid Rövşən Camalovun ailə üzvləri, döyüş yoldaşları, muzey əməkdaşları, KİV və müxtəlif ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov açıb. Fərhad Cabbarov çıxışında tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verib və qonaqları Rövşən Camalovun həyat və döyüş yolunu əks etdirən “Son döyüş” adlı filmə baxmağa dəvət edib (filmin rejissoru: Natiq Novruzov).

Daha sonra Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, “Qarabağ qaziləri” İB-nin mətbuat katibi, qazi Rey Kərimoğlu, şəhid Rövşən Camalovun ailə üzvləri, döyüş yoldaşları, jurnalist İlqar Rəsul, muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Gülzadə Abdulova və Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı çıxış edərək, şəhid Rövşən Camalovun I Qarabağ müharibəsində  keçdiyi döyüş yolundan, şücaətindən danışıblar. Qeyd olunub ki, hərbi əməliyyatlar zamanı qəhrəmanlıq göstərərək, şəhid olmuş Rövşən Camalov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Qonaqlar muzeyin kolleksiyasında qorunan, Rövşən Camalova məxsus materiallar ilə tanış olublar və sonda xatirə fotosu çəkilib.