Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Milli Azərbaycan Tarixi Muzeyində olub. Görüşdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, səfir Vada Cüniçi və xanımı, səfirliyin əməkdaşı və muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova iştirak ediblər. İlk olaraq, akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib. Hər iki ölkənin muzeyləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri, gələcəkdə səyyar sərgilərin, konfransların, treninqlərin təşkili ilə bağlı planlar müzakirə edilib, müəssisələr arasında müvafiq sahədə əməkdaşlıq perspektivlərindən söz açılıb.
Səfir Vada Cüniçi 30 il ərzində Yaponiya və Azərbaycan siyasi, iqtisadi, mədəni və digər sahələrdə dostluq əlaqələrini davamlı şəkildə inkişaf etdirmələrindən danışıb. Eyni zamanda səfir öz ölkəsinin və Azərbaycanın muzeyləri ilə əməkdaşlıq mübadiləsi istiqamətində mühüm işlərin görüləcəyini də bildirib.
Nailə Vəlixanlı muzeydə mühafizə olunan Yaponiya-Azərbaycan mədəni-tarixi əlaqələrini birləşdirən kolleksiyadan da söhbət açaraq, hər iki ölkənin tarixi əlaqələrinin 1960-cı illərə dayandığını və hələ də davam etdiyini xüsusi ilə vurğulayıb. Həmçinin, səfirə muzeyin nəşrlərində həmin kolleksiyanın təqdim olunması ilə bağlı ətraflı məlumat verilib.
Səmimi söhbətdən sonra qonaqlar məşhur xeyriyyəçi H.Z.Tağıyevin ev-muzeyi ilə tanış olublar. Səfir və xanımı görüşdən məmnun olduqlarını və muzeyin rəhbərliyinə öz minnətdarlığını bildiriblər.
Sonda səfirə muzeyin dəyərli kolleksiyası əsasında hazırlanmış nəşrləri hədiyyə edilib və xatirə fotosu çəkilib.
Qeyd edək ki, bu görüş hər iki ölkənin maddi-mədəni irsinin inkişafında, elmi tədqiqatların aparılması sahəsində, əməkdaşlıq və təcrübə mübadiləsində mühüm əhəmiyyət kəsb edir.