Ümummilli lider Heydər Əliyev tərəfindən 18 iyun 1998-ci il tarixində "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq olunduğu nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 18 iyun tarixi Azərbaycan Respublikasında insan Hüquqları Günü kimi təsis edilmişdir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il 18 may-18 iyun tarixləri "İnsan Hüquqları Aylığı” elan edilir.
Sözügedən əlamətdar ayla bağlı təqdim etdiyimiz eksponat Milli Azərbaycan Tarixi Muzeyinə 23 may 2016-cı il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova tərəfindən hədiyyə edilmişdir. Medalın üzərində “Azərbaycan Ombudsmanı” sözləri və Azərbaycanın gerbi təsvir olunub. Medalın arxa tərəfində isə ingilis dilində “Commissioner for human rights of the republic of Azerbaijan” sözləri yazılıb. Medalın yerləşdirildiyi qutunun qapağı açılarkən, Azərbaycan Respublikasının Dövlət Himni səslənilir və qutunun ön hissəsinə üzərində Bakı şəhərinin Hökümət evi təsvir olunmuş lövhə bərkidilib.
Eksponat muzeyin yeni qurulan ekspozisiyasında yer alıb və yaxın müddətdə nümayiş olunacaq.