XƏBƏRLƏR
XƏBƏRLƏR -
Tədbirlər
19 Yanvar, 2024
Muzeydə “20 Yanvar- Milli iradəmizin zəfər çaldığı gün” adlı tədbir keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində “Böyük Qayıdış” Gənclər Təşkilatı və “DAVAM” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34-cü il dönümünə həsr olunmuş “20 Yanvar- Milli iradəmizin zəfər çaldığı gün” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı , Azərbaycan Respublikasının Milli Məclisinin deputatları- professor Musa Qasımlı,  ilahiyyat  üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, 1990-cı ilin 19-20 qanlı yanvar tarixi günlərinin foto və video çəkilişlərinin müəlliflərindən biri, fotomüxbir Tahir Cəfərov, Vətən müharibəsinin qaziləri, muzey əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, qonaqları salamlayıb. Akademik N.Vəlixanlı tədbirin əhəmiyyətindən bəhs edərək bu qanlı faciənin səbəbləri barədə ətraflı məlumat verib.

Sonra tədbirin qonaqları çıxış edərək  20 Yanvar faciəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu bir daha vurğulayıblar.