Bu gün, 22 aprel 2024-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının təqdimat mərasimi keçirilib.
Mədəniyyət naziri Adil Kərimli, Milli Məclis deputatlarının, alimlərin, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri açılış mərasimi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi yad olunub.
Sonra qonaqlara muzey haqqında videoçarx və son 25 il ərzində çıxan nəşrlər təqdim olunub.
Tədbirdə çıxış edən muzeyin direktoru akademik Nailə Vəlixanlı yeni ekspozisiya haqqında ətraflı məlumat verib. N.Vəlixanlı qeyd edib ki, ekspozisiya Azərbaycan tarixinin bütün dövrlərini əhatə etməklə yerli və xarici ziyarətçilərə ölkəmizin çoxəsrlik tarixi keçmişini, məişətini və mədəniyyətini daha dərindən bilmək və öyrənmək imkanı verir.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm və mədəniyyətimizin inkişafına daim xüsusi önəm verdiyini vurğulayıb. İ.Həbibəyli Milli Azərbaycan Tarixi Muzeyində aparılan elmi araşdırmaların əhəmiyyətindən bəhs edib.
Tədbirin rəsmi hissəsi qədim musiqi alətləri ansamblının konsert proqramı ilə davam etdirilib.
Daha sonra qonaqlar Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyası ilə tanış olublar.
Qeyd edək ki, muzeyin yeni ekspozisiyası Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2022-ci il tarixli Sərəncamına uyğun olaraq qurulub. 2023-cü ilin əvvəlindən ekspozisiya zallarında işlərə başlanılıb. İş prosesində əvvəlkindən fərqli olaraq yeni ekspozisiyanın 1920-ci ilə qədər deyil, davamlı olaraq Zəfər və Böyük Qayıdış tarixi ilə tamamlanması qərara alınıb. 2023-cü ilin sonunda ekspozisiyanın bütün zallarında eksponatların müvafiq vitrinlərdə yerləşdirilməsi, iki dildə (Azərbaycan və ingilis) annotasiyaların, etiketajların hazırlanması başa çatıb. İnteraktiv masa və monitorlarda Azərbaycan tarixinin bütün dövrləri, həmçinin həmin dövrlərə uyğun gələn muzey eksponatları haqqında məlumatlar yerləşdirilib. Ekspozisiya birinci və ikinci mərtəbələri əhatə etməklə ümumilikdə 26 zaldan (1684 m2) (H.Z.Tağıyevin xatirə muzeyinin ekspozisiyası istisna olmaqla) ibarətdir. Birinci mərtəbədə tarixin ən qədim çağlarından XIX əsrin əvvəllərinə qədərki, ikinci mərtəbədə isə XIX əsrin ikinci yarısından indiyə qədərki dövrləri nümayiş edilir.