Milli Azərbaycan Tarixi Muzeyində tanınmış bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, Əməkdar incəsənət xadimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Prezidentinin “Fəxri diplomu” mükafatçısı, “Şöhrət” və “Şərəf” ordenli, professor, bəstəkar Tofiq Bakıxanova həsr olunmuş kataloqun təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı, qonaqları salamlayıb və tədbirin əhəmiyyətini qeyd edərək, bəstəkar Tofiq Bakıxanovun əvəzolunmaz yaradıcılıq fəaliyyəti barədə məlumat verib. Akademik Nailə Vəlixanlı bildirib: “Tofiq Bakıxanova həsr olunmuş kataloq bəstəkarın Milli Azərbaycan Tarixi Muzeyində toplanan materialları əsasında tərtib olunub. Kataloqa professorun fotoşəkilləri, sənədləri, şəxsi əşyaları və s. daxil edilib”.
Sonra bəstəkar Tofiq Bakıxanov çıxışında muzey rəhbərliyinə və əməkdaşlara tədbirin təşkil olunması, həmçinin kataloqun ərsəyə gəlməsinə görə təşəkkürünü bildirib.
Muzeyin Sənədli Mənbələrin elmi fond şöbəsinin müdiri, sözügedən kataloqun həmmüəllifi Esmira Rəhimova çıxış edərək, bəstəkar Tofiq Bakıxanovun həyat və fəaliyyəti haqqında geniş məlumat verib.
Daha sonra T.Bakıxanovun yaradıcılıq fəaliyyətinə həsr olunmuş videoçarx izlənilib.
Tədbirin bədii hissəsində Respublika və Beynəlxalq müsabiqələr laureatları- Kəmalə Mirbabayeva (fortepianoda), Hüseynağa Səmədovun (tarda), Azərbaycan Dövlət Filarmoniyasının Dövlət kapellasının solisti Leyla Dadaşova, Firuzə Qədimalıyeva (fortepianoda) ifasında musiqi nömrələri səsləndirilib.
Sonda qonaqlar T.Bakıxanovun muzeydə qorunan şəxsi əşyalarından ibarət kiçik sərgi ilə əyani şəkildə tanış olublar.
Qeyd edək ki, tanınmış bəstəkar Tofiq Bakıxanova məxsus şəxsi əşyaların bir qismi muzeyin yeni açılmış ekspozisiyasında nümayiş olunur.