Milli Azərbaycan Tarixi Muzeyində 28 May- Müstəqillik Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, “Böyük Qayıdış” Gənclər Təşkilatı, ictimai və dövlət xadimləri, muzey əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan muzeyin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Fərhad Cabbarov qonaqları salamlayıb və tədbirin əhəmiyyətini qeyd edərək, əlamətdar günlə bağlı ətraflı məlumat verib.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor, deputat Musa Qasımlı, AR Gənclər Fondu icraçı direktoru Qədir Xəlilov, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, “Çapar” dərgisinin təsisçisi Yusif İlhamoğlu Azərbaycan Cümhuriyyəti dövründə baş vermiş çətin və mürəkkəb tarixi hadisələr, 1918-1920-ci ilin əvvəlində ölkə iqtisadiyyatı, mədəniyyəti, təhsilin inkişafı, ordu quruculuğu, xarici və daxili siyasəti barədə çıxış edib.
Sonda qonaqlar muzeyin yeni ekspozisiyasının Azərbaycan Cümhuriyyəti dövrünə həsr olunmuş zalında nümayiş olunan eksponatlar ilə tanış olub.