Milli Azərbaycan Tarixi Muzeyində UNESCO Dünya İrsi Mərkəzi və Beynəlxalq Mərkəzi Asiya Araşadırmaları İnstitutu (IICAS), Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə İpək Yolu Xəzər-Volqa dəhlizi üzrə UNESCO Yapon Fit İpək Yolları Layihəsinin Birinci İllik Sub-Regional konfransı keçirilib. Konfransda Azərbaycanla yanaşı bir sıra ölkələr eyni zamanda, UNESCO, Teikyo Unversiteti, UCL və IICAS nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva açıb. S.Hacıyeva tədbirin əhəmiyyətini qeyd edərək, tarixi abidələrin qorunması işində Azərbaycanın UNESCO ilə sıx əməkdaşlığını vurğulayıb .
Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxışında qeyd edib ki , “Böyük İpək Yolunun əsas vəzifəsi xalqları birləşdirmək, onlar arasında iqtisadi əlaqələri genişləndirmək idi. Lakin bununla yanaşı, bu yol xalqlar arasında münaqişələrə və müharibələrə səbəb olub. Muzeyimizdə münaqişələr nəticəsində məhv olma təhlükəsi ilə üzləşən bir çox maddi-mədəni irsimiz güvənli şəraitdə qorunub saxlanılır". Akademik N.Vəlixanlı, həmçinin muzeydə tarixi, elmi, arxeoloji, numizmatik tədqiqatlar aparılıdığını və Böyük İpək Yolunu əks etdirən çox sayda eksponatların mühafizə olunduğunu vurğulayıb.
İki gün davam edən beynəlxalq konfrans zamanı iştirakçılar muzeyin ekspozisiyası ilə tanış olublar və xoş təəssüratlarla ayrılıblar.