AMEA Milli Azərbaycan Tarixi Muzeyində Monqolustanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bold Ravdan ilə rəsmi görüş keçirildi.
Görüşün əsas məqsədi Muzeydə qorunan XIII əsrə aid “Monqol” xələtinin replikasının səfir Bold Ravdana rəsmi təqdim edilməsi və Monqolustan Azərbaycan beynəlxalq əlaqələrinin genişləndirilməsi idi.
Tədbirdə Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, Elmi işlər üzrə direktor müavini, t.e.d. Nərgiz Əliyeva, direktor müavini, t.ü.f.d., dos., Məhfuzə Zeynalova, elmi katib, t.ü.f.d., dos., Fərhad Cabbarov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov, səfirin müşaviri Namxaybat Çerenqombo, konsulluğun əməkdaşı Faiq Ağayev və “Monqol” xələtinin replikasını hazırlayan, milli geyimlər üzrə mütəxəssis Leyla Əliyeva iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan akademik N.Vəlixanlı Muzeyin beynəlxalq əlaqələrindən, xaricdə keçirilən sərgilərdən və Muzey kolleksiyasından söhbət açdı. N.Vəlixanlı Muzeydə qorunan “monqol” dövrü kolleksiyası haqqında geniş məlumat verdi. Qeyd etdi ki, Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında tarixi ədəbiyyatda şərti olaraq “monqol” dövrü adlanan bu dövrə aid Azərbaycan şəhərlərindəki (Təbriz, Bakı, Bərdə, Beyləqan, Ərdəbil, Gəncə, Naxçıvan,Marağa, Qəbələ, Şamaxı və b.) zərbxanalarda kəsilən, üzərində atlı təsviri, türkcə və ərəb-uyqur qrafikası ilə yazılar həkk olunan gümüş dirhəmlər, müxtəlif silah növləri, döyüş ləvazimatı, məişət əşyaları və s. saxlanılır.
Daha sonra səfir Bold Ravdan Monqolustanın Azərbaycanla mədəni əlaqələri və elmi əməkdaşlığından söz açdı. Səfir həmçinin Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Monqolustan Elmlər Akademiyasının (MEM) uzunmüddətli sıx əməkdaşlığı, həm Azərbaycan, həm də Monqolustan tarixini və mədəniyyətini əks etdirən birgə layihələr haqqında məlumat verdi.
Həmçinin görüş zamanı hər iki qurumun təşkilatçılığı ilə keçiriləcək yeni layihələr, elmi tədbirlər və Monqolustan muzeyləri ilə birgə sərgilərin təşkili, elmi tədqiqatların aparılması və bu istiqamətdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirin sonunda “Monqol xələti”nin replikası B.Ravdana təqdim edildi. Səfir bu işin ərsəyə gəlməsinə görə Muzey rəhbərliyinə öz minnətdarlığını bildirdi və təqdim olunan “Monqol xələti”nin cari ilə açılışı nəzərdə tutulan Çingiz xan Muzeyində (Monqolustan, Ulan-Bator şəhəri) layiqli yerini tutacağını xüsusi vurğuladı.
Sonda qonaqlara Muzeyin 100 illiyinə həsr olunmuş nəfis tərtibatlı nəşrlər təqdim olundu.
Qeyd edək ki, Muzeydə qorunan “Monqol” xələti adlı eksponatla keçiddə tanış ola bilərsiniz- “Monqol” xələti